Azər HƏSRƏT, az...@azerhasret.com
Seymurunmu? Bəlkə cəmiyyətin? Məncə, cəmiyyətin faciəsidir bu.
Bugünlərdə dostumuz, istedadlı qələm adamı və səmimi yazar Seymur Verdizadənin mediada yayımlanan müsahibəsini oxudum. Özü idi. Tanıdığımız, bildiyimiz, sərbəst və tam səmimi Seymur Verdizadə.Müsahibədə bir məqam özəlliklə diqqətimi çəkdi. Seymur deyirdi ki, onu daha çox TV-lərdə yayımlanan şouların eksperti olmasına görə tanıyırlar. Halbuki öz köşə yazılarında həmin proqramlardakından qat-qat önəmli məsələləri işıqlandırır, tənqidlər edir, insanların dərdlərinə çarə axtarır.
Seymur düz deyir. Onun yazılarını davamlı oxuyan, özünü də çox yaxından tanıyan birisi kimi deyirəm bunu. Hələ bu zatla yol yoldaşlığım da olub ki, yazımda o haqda söz açmaq istəyirəm.
Ötən il Seymurla birlikdə iki rayonda seminarlarda iştirak etmişik. Müəllimlər üçün onlayn ifadə azadlığı mövzusunda. Bəzi dostlarımızın xətrinə dəyə biləcəyini düşündüyüm üçün ilk rayonun adını çəkmirəm. Orda olanlarısa qısaca təsvir etmək istərdim.
Bir qayda olaraq biz belə seminarlarda iştirakçılara elan edirik ki, bütün söhbətlər qeydə alınır, video və foto çəkilişləri aparılır. Lakin haqqınız var ki, özünüzü bu çəkilişlərdən kənar tutasınız. Ona görə də belə istəyi olanlar bunu dərhal bizə bildirsinlər. Açıq deməyə çəkinən varsa, bir kağıza yazıb çatdırsın.
Adını çəkmədiyimiz rayondakı seminarda da belə bir elan verdik. Seminar bitəndən sonra qrup şəkli çəkdirmək üçün hamını dəvət etdik. Qadınların çoxu bundan imtina etdi ki, bizə uyğun deyil. Dedik, haqqınızdır, olsun. Amma sonradan məhz ayıb olar deyə qrup şəklindən imtina edən qadınların az qala tək-tək Seymura yaxınlaşıb onunla şəkil çəkdirdiyini görəndə gözüm kəlləmə çıxdı. Təbii ki, heç nə demədim. Sadəcə daxilən bir balaca rahatsız oldum…
Məsələ ondadır ki, elə seminar başlamazdan iştirakçıların heç biri məni tanımasa da hamısı Seymuru tanıdı. Hətta onu gördüklərinə çox xoşbəxt olduqlarını da demək olardı. Sonda bu xoşbəxtliyi onunla şəkil çəkdirməklə rövnəqləndirmələri isə bütün suallara cavab vermiş oldu. Mənimləsə heç kim şəkil çəkdirmədi.
Orada işimizi bitirib Tərtərə yollandıq. Daha bir seminarımız olacaqdı sabah. Yol boyu Seymurla bu şəkil çəkdirmə məsələsini müzakirə etdik. Əlbəttə, Seymur bundan xoşhallanmamış deyildi. Amma o da, ürəyincə olmasa belə, mənim fikirlərimi paylaşırdı. Mən deyirdim ki, Seymur, görürsən, insanlarımız necədir? Hansısa şouda fəallıq edən bir insanı dərhal tanıyırlar, onunla şəkil çəkdirmək üçün növbəyə dururlar, amma mən bu adamları maarifləndirmək üçün o boyda yol gəlmişəm, kimsə üzümə də baxmır, heç tanımır da məni. Halbuki seminarı təşkil edən də mən, təşkilatçı qurumun rəhbəri, üstəlik də əməkdar jurnalistəm.
Bu “paxıllığımı” anlayışla qarşıladı Seymur əlbəttə. Zarafat bir yana, biz o nöqtədə vahid fikrə gəldik ki, Azərbaycan TV efiri insanlarımızı boş şoulara o qədər aludə edib ki, toplumun doğrudan faydasına olan məsələlərlə məşğul olanlar o qədər də qəbul edilmir, tanınmır və sevilmir.
Tərtərdə isə fərqli bir görüntü var idi. Seminarımıza toplaşan müəllimlər sonda Seymurla deyil, mənimlə şəkil çəkdirməyə üstünlük verdilər. Düzdür, Seymuru da tanıdılar, sayğı göstərdilər. Amma şəkil məsələsində mən üstün durumda oldum.
Bu, bir-birindən çox da uzaq olmayan iki rayonda etdiyimiz müşahidə idi. Əvvəlki rayondakı qanqaraçılıqdan sonra Tərtərdə gördüyümüz yanaşma bizim hər ikimizin əhvalını açdı.
Məsələ ondaydı ki, əvvəlki rayonda seminar iştirakçıları bizim sosial şəbəkələr, onlayn etika haqqında danışdıqlarımızı gözlərini döyərək dinləyirdilər. Hiss olunurdu ki, onların çoxu Facebook və bənzəri sosial media haqqında ilk dəfə belə geniş və ayrıntılı bilgi alırdı. Amma ki, o bilgilər onlara çatmırdı. Çünki istifadəçi olmadıqları hər hallarından bəlli idi. Hətta iki xanım bir müddət sonra dözməyərək izn alıb seminarı tərk də elədi. Yerdə qalanlarsa, kiçik istisnalarla, bizim nə dediyimizi sonadək anlamadı. Sona qədər qalmaları da, sən demə, Seymurla şəkil çəkdirmək üçünmüş…
Tərtərdə seminarımıza qatılanlar yeni texnologiyalarla işləməyi bacaran seçmə müəllimlər idi. Ona görə də mövzu ətrafında qızğın müzakirələr getdi, fikirlərimiz tam anlaşıldı və hədəfə çatdı. Sonda da şəkli şouların qəhrəmanı olan dostumuz Seymurla deyil, insanları maarifləndirməkdən başqa bir işi olmayan mənimlə çəkdirdilər.
Geri dönərkən bu iki rayonda yaşadıqlarımızı Seymurun faciəsi kimi dəyərləndirdim. Təbii ki, dostyana söhbət etdik və bu qənaətə gəldik ki, cəmiyyətimizdə hələ də boş və mənasız, çox zaman da teatrlaşdırılmış verilişləri ölümünə izləməklə gün keçirən çox sayda insan var. Belə insanların çoxluğu isə heç də yaxşı gələcək vəd edə bilməz. Amma bu faciə təkcə Seymurun deyil, elə mənim də, bütövlükdə isə Azərbaycanın faciəsidir.
Bu arada onu da ayrıca qeyd edim ki, ilk rayon bizim təşkilatın fəal üzvlərinin olduğu rayondur. Əgər seminarı onlar təşkil etsəydilər, çox yüksək səviyyəli tədbir alınardı. Nə yazıq ki, bu məsələdə rayon təhsil şöbəsi yükü üzərinə götürdü və sonradan öyrəndik ki, seminara təsadüfi adamları yığıblarmış. Bizsə müəllimlərlə işləmək istəyirdik…

Seymurla Tərtərdə çəkdirdiyimiz şəkil