|
|
|
Xanımlar və cənablar! Dəyərli iş adamları və şirkət sahibləri!
Böyük məmnuniyyətlə Sizi Azərbaycan Respublikası hökumətinin rəsmi dəstəyi ilə təşkil edilən “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi və Konfransında iştirak etməyə dəvət edirəm!
Bu gün dünyanı bürüyən iqtisadi böhran bir çox ölkələrin iqtisadiyyatına ağır zərbələr vursa da, Azərbaycanın dinamik inkişaf strategiyası və həyata keçirilən davamlı və düşünülmüş siyasət kursu yarana biləcək çətinliklərin qabaqlanmasına imkan vermişdir. Odur ki, Azərbaycanda həyata keçirilən bütün proqramlar və beynəlxalq layihələr uğurla reallaşmışdır. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan getdikcə müasir, güclü, dinamik inkişaf edən dövlət kimi daha çox tanınır.
Azərbaycanda son illərdə müxtəlif mövzularda beynəlxalq sərgi və konfranslar keçirilmişdir. 2010-cu il Azərbaycan Respublikasında Ekologiya ili elan edilmişdir.
Bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cari ildə müxtəlif prioritet istiqamətlər üzrə genişmiqyaslı ekoloji tədbirlər, o cümlədən 2010-cu ilin iyulunda Qəbələ şəhərində Biomüxtəliflik üzrə Avropa Nazirlər Konfransı, 16-18 sentyabr tarixlərində “Azərbaycan Yaşıl Dünya Naminə-2010” beynəlxalq ekoloji sərgi keçirilmişdir.
Azərbaycan Hökumətinin rəsmi dəstəyi ilə keçiriləcək növbəti beynəlxalq sərgidə Sizi iştirak etməyə dəvət edirik.
Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycanda sərmayələr qoymaq, işgüzar əlaqələr yaratmaq, əlverişli şəraitdə işbirliyi qurmaq üçün Sizə çox geniş imkanlar yaranacaqdır.
Bakıda beynəlxalq sərgidə Sizinlə görüşmək arzusu ilə.
Dərin hörmətlə,
Hüseynqulu
Bağırov
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri
Press reliz
Azərbaycanda 2-4 noyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş “Xəzər: ətraf mühit üçün texnologiyalar” (“CTE-2011”) beynəlxalq sərgisi keçiriləcək. Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadə sahəsində innovasiyalı təkmilləşdirmələri kompleks şəkildə təqdim edəcək bu sərgi ekologiya və ətraf mühitin mühafizəsi üzrə Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən böyük tədbirdir. Sərginin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər.
Bu sərgi və konfransın keçirilməsində məqsəd ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək göstərmək, təbii sərvətlərin qorunub saxlanmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək edəcək (təbiəti mühafizə üzrə) innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.
“СТE-2011” beynəlxalq sərgisi ekoloji təmiz texnologiyalar bazarının Azərbaycan və dünya üzrə aparıcı iştirakçılarını, alimləri, dövlət orqanlarının nümayəndələrini, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində məhsul və xidmətlər təklif edən şirkətləri bir yerə toplayacaq. Sərgi çərçivəsində təbii sərvətlərdən və bərpa olunan külək, su və torpaq enerjisindən səmərəli istifadə sahəsində ən son təkmilləşdirmələr təqdim ediləcək və ən müasir alternativ energetika avadanlıqlarının nümunələri nümayiş etdiriləcəkdir. Bununla yanaşı, sərgidə milyonlarla insanın diqqəti ətraf mühitin mühafizəsi ilə bağlı problemlərə və onların həlli yollarına yönəldiləcəkdir.
Sərgi iştirakçıları arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələrdən olan şirkətlər var. Almaniya və Latviya bu layihədə milli qrup şəklində iştirak edəcəklər. Sərgidə Moldova milli stendinin də iştirakı gözlənilir. Həmçinin, təbii sərvətlər və alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və suların təmizlənməsi üzrə aparıcı ekologiya şirkətlərinin təklif və layihələri sərgi ziyarətçilərinin diqqətinə çatdırılacaqdır. Misal üçün ARDNŞ və BP şirkətləri Azərbaycanda neft və qaz yataqlarının çoxillik istismarının nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra irimiqyaslı ekoloji layihələr həyata keçirirlər. Belə ki, əvvəllər neftin açıq üsulla hasil edilməsi aşağı səviyyəli texnologiyaların torpaqları çirkləndirməsi ilə nəticələnmişdir. Hazırda bu şirkətlər karbohidrogenlərin hasilatı və emalı nəticəsində ekologiyaya vurulan ziyanı azaltmağa çalışırlar. Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılır, ekoloji layihələr həyata keçirilir. Sərgidə həmçinin ARDNŞ tərəfindən Bakının Xəzər rayonu ərazisində yaradılmış ekoloji parkın təqdimatı da keçiriləcək. Bu parkın elektrik enerjisinə olan tələbatının ən azı 50 faizi alternativ enerji mənbələri hesabına təmin olunur. Məsələn, park ərazisində hər biri saatda 10 kilovat enerji hasil edən dörd külək generatoru, habelə ümumilikdə 20 kilovat-saat qüvvəyə malik günəş batareyaları quraşdırılmışdır. Eyni zamanda, sərgi çərçivəsində Samur-Yalama milli parkının təqdimatını da keçirmək planlaşdırılır.
Beləliklə, “CTE-2011” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai təşkilatlar və hökumət qurumları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına kömək edəcəkdir.