ALLAH Qorxusu... Və ya ALLAH qorxusu necə olur?..
İnsanın qəlbində Allah qorxusunun olması onun üçün böyük nemətdir. Hər hikmətin əvvəli, başlanğıcı Allah qorxusudur. İnsan Allah qorxusu ilə insan kimi yaşayır, cinayətdən, günahlardan uzaq durur. Qur`ani-Kərimdə də bir neçə dəfə “Allahdan qorxun”, Allahdan layiq olduğu kimi qorxun” buyurulmaqdadır.
Allahdan qorxmaq necə olur? Bu, heç də o mənaya gəlmir ki, getdiyin yerdə göydən başına daş düşər və ya qəfil qəzaya uğrayarasan. Bunlar tamam başqa şeylərdir. Məlumdur ki, insan müəyyən imkanlara sahibdir. Bizim dil imkanımız var, ayaq imkanımız var, düşüncə imkanımız var, düşüncə imkanımız var, ibadət imkanımız var.
Alimlər yazırlar ki, bir bəndənin Allahdan qorxması yeddi şeylə məlum olur;
1. Dilindən məlum olur: yalan danışmır, qeybətdən, boş sözlərdən uzaq durur, ara qarışdırmır, həmişə xoş şeylər danışır. Qu`ran oxuyur, dili ilə Allahı zikr edir, elm öyrənir və elm öyrədir.
2. Mədəsindən məlum olur: haram yeməkdən çəkinir, haram qazanmaqdan uzaq durur, haramdan ilandan da betər qorxur.
3. Gözündən məlum olur: harama baxmır, ona aid olmayanlardan baxışlarını qaçırır.
4. Əlindən məlum olur: əlini harama uzatmır, haram şey almır, satmır, bir yerdən başqa yerə aparmır.
5. Ayağından məlum olur: haram yerlərə addım atmır, bilmədən getsə, o andaca narahat olur və oradan uzaqlaşır.
6. Qəlbindən məlum olur: qəlbindən qorxu və narahatlıq əksik olmur. Elə bu qorxu və narahatlıqla da hər gördüyü iş üçün özünü hesaba çəkir.
7. Əməlindən məlum olur: xeyir işlər görür, ancaq heç vaxt arxayın olmur, özünə güvənmir, həmişə narahat olur, daha çox xeyir işlər görməyə cəhd edir, hər şeyin Allahdan gəldiyini anlayır.