İslamda sevgi anlayışı
Sevgi özündə zəngin mənaları, xoş xatirələri birləşdirən incə, gözəl sözdür. Qələmlər bu sözün ehtiva etdiyi lüğəvi, ədəbi və hissi məna çalarlığını ifadə etməkdə çətinlik çəkir.
Bu geniş meydanda bizdən qabaqkı şairlərin, ədib və yazıçıların sevgi ilə bağlı yazıb yaratdıqları barədə çox danışmaq olar. Ancaq... Görəsən, bu incə söz insanların düşüncələrində, onların gündəlik mədəni davranışlarında hələ də özünün incə, əsrarəngiz mahiyyəti ilə qorunub saxlanırmı? Görəsən, insanların çoxu hələ də sevgini atalarının, əcdadlarının başa düşdüyü şəkildə başa düşüb anlayırlarmı? Görəsən, insanlar bu sözə və onun praktiki həyatımızdakı mövcudluğuna hələ də inanırlarmı? Görəsən, sevgi hər gün oxuduğumuz və şahidi olduğumuz kimi, yalnız aşiqlər arasındamı mövcuddur? Yoxsa, o, yalnız kişi ilə qadın arasındakı dar hissi əlaqədəmi öz əksini tapır? Görəsən, sevginin xüsusi bayramı, qeyd edilən günü varmı?
“Müasirlik”, inkişaf, mədəni və əxlaqi qloballaşma şəraitində sevgi məfhumuna yenidən izah verməyə cəhd etdiyimiz bu məqalə çərçivəsində ağla tez-tez gələn və insanların barəsində tez-tez soruşduğu bu kimi sualları cavablandırmaq çox çətindir. Bu səbəbdən, bütün bu suallarla bu dəfə İslama üz tuturuq ki, yuxarıda da dediyimiz kimi, bir çox şairin, ədibin, təbibin, psixoloq və sosioloqun və ümumiyyətlə bu mövzu ilə maraqlanan hər bir mütəxəssisin baş vurduğu, cavablandırmağa çalışdığı bu məsələdə bu dinin rəyini bilək.
Mühüm bir sualla işimizə başlayırıq: İslam sevgi məfhumuna necə baxır?
Ola bilsin ki, bir çoxları ilk baxışdan sualın qoyuluşuna təəccüblənəcək, “İslamla sevginin nə əlaqəsi var?”, “Sevginin İslama nə dəxli var?” kimi iradlarını bildirəcəklər. Onlara görə, İslam halal-haram xüsusunda ehkamları olan, yalnız məlum dini ayinləri özündə birləşdirən dindir və bu insanlar düşünürlər ki, onun hissi və mənəvi məsələlərlə nə əlaqəsi ola bilər axı?!
Həqiqət isə bundan ibarətdir ki, bu qüdrətli dindən uzaqlaşdığımızdan, onun barəsində məlumatsız olduğumuzdan dolayı bizdə yuxarıdakı fikir və qənaət oyanıb. Əslində, İslam hər tərəfli, mükəmməl, bütün zaman və məkanlar üçün yararlı bir dindir. Qurani-kərimdə Allahın dilindən deyilir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim” (əl-Maidə, 3). O, heç bir istisna olmadan həyatın bütün sahələrinə obyektiv olaraq dəqiq, hər tərəfli, ictimai ədəbə, əxlaqa, ali zövqə xələl gətirmədən bütün nəzakəti ilə münasibət bildirir.
Əsas mənbə olan Allahın kitabını sözügedən məsələ ilə əlaqədar vərəqlədiyimiz zaman verdiyimiz suallarla bağlı cavablarla rastlaşır və şahidi oluruq ki, bu müqəddəs kitab “sevgi”, “ülfət”, “istək” kimi sözlərlə zəngindir. Yalnız “sevgi” sözü və ondan düzəlmə sözlər Quranda 84 yerdə işlənir. Misal üçün bir-birinə bənzər bu ayələri göstərə bilərik: “Həqiqətən, Allah təqva sahiblərini sevir”, “Həqiqətən, Allah yaxşılıq edənləri sevir”, “Həqiqətən, Allah ədalətli olanları sevir”, “Həqiqətən, səbir edənləri sevir” və s. Buradan aydın olur ki, Uca Allah özünün saleh bəndələrini sevir və “sevgi”, “istək”, “mərhəmət” Onun sifətləridir (atributlarıdır). Həmçinin, bir ayədə Allah onu sevən və Onun sevmiş olduğu bir qövmdən söhbət açır: “(Allah) onları, onlar da (Allahı) sevərlər” (əl-Maidə, 54). Digər ayədə isə Allahın sevgi ilə bağlı bir-sıra sifətləri göstərilib: “Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!” (Hud, 90).
Dinimiz və dünyəvi məsələlərimizdə ikinci qaynaq hesab etdiyimiz hədislərə nəzər saldıqda görürük ki, Peyğəmbərin (s) həyatı bu məsləyə işıq salan hadisələrlə, hikmətli sözlərlə, təsiredici tövsiyələrlə doludur. Məsələn, bir dəfə Peyğəmbərin (s) yanına bir nəfər gələrək ondan soruşur: “Ey Allahın rəsulu, mənə elə bir şey öyrət ki, onu etdiyimdə Allah və insanlar məni sevsin?” Allahın rəsulu (s) cavabında buyurdu: “Dünya ləzzətlərindən qaçsan, səni Allah, insanların zövq aldığı şeylərdən çəkinmiş olsan onda səni insanlar sevər”. Həmçinin, bir hədisdə Peyğəmbərin (s) dilindən deyilib: “Möminlər bir-birini sevmədə, bir-birlərinin halına acımada və aralarındakı mehribançılığa görə bir bədən kimidirlər. (Bu) bədənin bir üzvü xəstələndikdə digər üzvləri də yuxusuzluğa və qızdırmaya düçar olar”. Başqa bir hədisdə yenə Peyğəmbərin (s) dilindən oxuyuruq: “Həqiqi iman etmədikcə Cənnətə girməz, bir-birinizi sevmədikcə həqiqi iman etmiş olmazsınız. Sizi elə bir şey deyimmi ki, ona əməl etdiyinizdə bir-birinizi sevmiş olasınız? Elə isə, bir-birinizə davamı şəkildə salam verin!”
Digər bir hədisdə isə deyilir: “Özünüz üçün istədiyi şeyi qardaşınız üçün də istəmədikcə həqiqi iman etmiş olmazsınız ”. Hədislərdən peyğəmbərimizin öz səhabələrini necə tərbiyə etdiyini, onları hansı vasitələrlə aralarında sevgiyə, mehribançılığa sövq etmişdir. Məhz bu, İslamın sevgiyə baxışı, açıq-aydın münasibətidir. Sevgi, istək, qarşılıqlı mərhəmət olmadan iman etmək mümkün deyildir!
Sevginin İslamın əsas prinsiplərindən olduğunu bildikdən sonra belə bir sual ortaya çıxır: İslam sevgini necə başa düşür?
Düşünürük ki, problem məhz, bu nöqtədə gizlənir və bu, sevgi haqqında insanların çoxunun düşüncəsində, gündəlik fəaliyyətlərində kök salmış yanlış təsəvvür və anlayışlardır.
Ümumiyyətlə, İslam sevgini geniş mənada başa düşür. Bu dinə görə, sevgi heç də bizim başa düşdüyümüz və öyrəndiyimiz kimi, yalnız aşiqlərə aid deyildir, kişi və qadın arasında olan istənilən əlaqə ilə məhdudlaşmır. Həmçinin, sevgi heç bir hədd, çərçivə qoymadan müxtəlif vasitə və yollarla rəvac verilən müvəqqəti, bir anlıq sırf şəhvani əlaqə kimi də nəzərdən keçirilməməlidir! Əslində, sevgiyə bu kimi dar yanaşma, dövrümüzdə bayramlar, illik ziyafətlərlə qeyd olunan “Saxta sevgi qloballaşmasıdır”. Sevgi keçirdiyimiz mərasim, qeyd etdiyimiz bayram, naminə toplaşdığımız gün olmayıb bütün bunların başa çatması ilə bitən anlayış deyildir. Sevgi qəlblərimizdə döyünən, ətrafımızda olanlara qarşı istəklə, mehribanlıqla vuran nəbzdir. Sevgi bizdən ayrılmayan ruh kimidir. Həqiqi sevgi bütün zaman və məkanlarda bizi müşayiət edir. Sevgi heyvanda deyil, insanda olan hissdir və zahirən deyil, daxilən olmalıdır. Peyğəmbər (s) deyib: “Həqiqətən, Allah sizin bədənlərinizə, görünüşünüzə deyil, qəlblərinizə və əməllərinizə baxır!”. Sevgi cah-calal, pul, var-dövlət sahiblərindən daha çox Allahın da başqalarından üstün tutduğu yüksək əxlaq sahiblərinin sahib olduğu duyğudur. Allahın rəsulunun (s) bir hədisində deyilir: “Allaha ən çox yüksək əxlaqa sahiblərini sevər!”.
Öz zəngin və geniş mənasında sevgi hər şeydən öncə bizi yoxdan yaradan, bizə həyatı, ağlı, qəlbi və sahib olduğumuz hər şeyi verən Uca və Qüdrətli Allaha bəslənməlidir. Ancaq biz bütün bunlara baxmayaraq, Allahın bizə olan lütfünü unudur, verdiyi nemətlərə görə Ona sadə təşəkkür şəkli ilə - bir-neçə dəqiqə çəkən namazla şükür etmirik. Halbuki Uca Rəbb buyurur: “Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı?!” (Fatir, 3). Ancaq buna baxmayaraq, bu uca rəbb şükür etdiyimiz təqdirdə bizi daha çox nemətlə müjdələyir: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam” (İbrahim, 7). Allah bizə Quranda dünya ləzzətlərini Allahdan çox sevənlər haqqında xəbər verir, möminləri isə Ona hədsiz sevgi bəslədiklərindən dolayı tərifləyir: “İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir” (əl-Bəqərə, 165).
İslama görə sevgi Allahdan sonra, ilahi missiyanı daşıyan, onu bizə çatdıran Peyğəmbərə (s) qarşı bəslənməlidir. Bu o peyğəmbərdir ki, onun gətirdiyi nur, bəxş etdiyi elm, göstərdiyi doğru yol dünyanın hər bir guşəsinə yayılmış, Qərb tarixşünasları belə onu “rəqibi olmayan bir nömrəli tarixi şəxsiyyət” kimi xarakterizə etməkdən vaz keçə bilməmişdilər. Ona bu sevgini qazandıran cəhət həyatının ədalətlə, sülhlə, sevgi ilə zənginliyidir. Biz onu sevdiyimizi hər gün iddia etsək də onun qoyduğu yolla getmirik. Uca Rəbb bu barədə peyğəmbərinin dili ilə deyir: “(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin!” (Ali İmran, 31). Allahı və rəsulunu sevmək bəzi insanların düşündüyü kimi, heç də asan iş deyildir. Məsələ əməli fəaliyyətin əksini tapdığı imanla əlaqəlidir. Bu barədə Peyğəmbər (s) deyib: “Allah və rəsulu sizə hər şeydən daha əziz, daha sevimli olmadıqca həqiqi iman etmiş olmazsınız”.